Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotları ilə danışıqların stenoqramları təhqiqatda maraqlı olan bütün tərəflərdə var.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
"Stenqoramlara gəldikdə, onlar bütün maraqlı tərəflərin əlində var. Orada heç bir qeyri-obyektivlik ola bilməz. Şifrələrin açılmasında Braziliyadan olan mütəxəssislər, bizim mütəxəssislər, Azərbaycan və Rusiyadan olan mütəxəssislər, Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) mütəxəssislər iştirak ediblər. Bütün tərəflərdə bu stenoqramlar var" , - deyə o, qəzanın təhqiqatı üzrə ilkin hesabata niyə kabinədəki pilotların danışıqlarının daxil olmadığına dair sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın yeddisində Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.