Azərbaycan hələlik ATƏT-in Minsk qrupu formatından aralanmaq istəmir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
O, bunu biri neçə səbəblə əlaqələndirib:
“Əslində, biz görürük ki, ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir qurumdur və 20 ildə gördükləri işlərin heç bir nəticəsi yoxdur. Həmsədrlər indi pis-yaxşı bu problemi araşdırıblar, bu barədə bilirlər. Bəs onların əsas səlahiyyəti nədən ibarətdir? Onların vəzifəsi səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. İndi onlar problemin içərisindədirlər. Bu format dəyişilsə, yeni bir format ortaya çıxsa, gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər”.
Onun sözlərinə görə, Minsk qrupunun Əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın:
“Çünki Əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud Minsk qrupunun həmsədrlərinin səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq”.