Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.
“Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4 157 866 manatdır.
Eyni zamanda, dövlət başçısının sərəncamı ilə, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri.