Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirak etməyəcək - VİDEO
Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (AƏTƏT PA) İrəvanda keçiriləcək payız sessiyasında iştirak etməyəcək.
Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.
Azay Quliyev deyib ki, Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilatın bu il noyabrın 18-20-də Ermənistanın İrəvan şəhərində keçiriləcək payız sessiyasında iştirak etməyəcəyi barədə ATƏT PA-da təmsil olunan nümayəndə heyətlərinə və qurumun beynəlxalq katibliyinə məktub ünvanlayıb.
Məktubda Azərbaycan tərəfinin Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatlıq ifadə olunub.
Qeyd edilib ki, cari ilin aprelin 14-də keçirilən beynəlxalq idman tədbiri zamanı bu ölkənin baş naziri Nikol Paşinyanın gözləri önündə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik, Ermənistan parlamentinin üzvləri, jurnalistlər, bloqerlər tərəfindən bu cinayət əməlini törədən şəxsin dərhal azad edilməsi ilə bağlı mitinqin təşkili Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradıb. Bildirilib ki, bu cinayəti törətmiş şəxsin qısa müddət ərzində sərbəst buraxılması və “milli qəhrəman” elan edilməsi Ermənistan ictimaiyyətində ölkəmizə qarşı güclənən nifrət mühitinin nə qədər təhlükəli həddə olduğundan xəbər verir.
Beynəlxalq forumlarda bu cür əməlləri törədənlərin isə cəzasız qalması, qanunsuz olaraq həbsdə saxlanılan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani rəftar, sosial şəbəkələrdə azərbaycanlılara qarşı zorakılıq tədbirlərinin görülməsinə dair açıq çağırışlar Ermənistan dövləti tərəfindən dəstəklənən sistemli nifrət siyasətinin digər bariz nümunələrindəndir.
Məktubda daha sonra deyilir: “Azərbaycan nümayəndə heyətinin iştirak edə bilmədiyi payız sessiyasında ölkəmizlə bağlı hər hansı məsələnin müzakirəsi doğru olmazdı. Parlament Assambleyası ATƏT-in 57 iştirakçı dövləti arasında dialoq və əməkdaşlıq üçün forumdur və bir nümayəndə heyətinin qurumun sessiyasında əsaslandırılmış səbəblərdən iştirak edə bilməməsi, həmin ölkə ilə bağlı hər hansı məsələnin konstruktiv və balanslaşdırılmış şəkildə müzakirəsini imkansız edir.
Azərbaycanın iştirak edə bilmədiyi sessiyada birtərəfli müzakirələrin nəticəsi faydasız və qəbuledilməz olmaqla yanaşı, ATƏT PA-nın Cənubi Qafqaz regionunda sülhü və barışığı təşviq etmək istiqamətində yürütdüyü parlament diplomatiyasına mənfi təsir göstərəcəkdir”.
Məktubda ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimiz birmənalı bəyan edir ki, qurumun iştirak edə bilmədikləri payız sessiyası çərçivəsində Azərbaycanın maraqlarına zidd qəbul ediləcək istənilən qərar və ya tövsiyə etibarsız hesab olunacaq.