“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 51 nəfər təşkil edib.
Oxu.Az Modern.az-a istinadan xəbər verir ki, bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 43-ü isə qeyri-döyüş itkiləridir.
Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur). 6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 9 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib.