Səməd Vurğunun ətrafında yaranmış qalmaqalla bağlı azərbaycanlı oxucuların xatirəsində qalmış Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu özünün “yalanları üzə çıxaran tarixi bəyanatlarını” davam etdirir.
Oxu.Az xəbər verir ki, virtualaz.org saytına müsahibə verən Sərdar Cəlaloğlu əvvəlcə “Koroğlu” dastanının 12 variantından danışıb, sonra isə qeyd edib ki, əlimizdə olan Koroğlu obrazını hansısa erməni Təbrizyan yaradıb.
Lakin bununla kifayətlənməyən partiya sədri müsahibəsində Azərbaycan qadınlarından da danışıb.
“Baxın, Azərbaycanda 4 qadın simvolu var - Əsli, Şirin, Nigar, Həcər. Əsli erməni qızıdır. Həcər kürddür, Nəbidən sonra erməniyə ərə gedib. Nigarın milliyyəti bilinmir. Şirinsə fars qızıdır. Yəni bu 4 qadın Azərbaycan qadınının simvolları ola bilməz” – deyə, o vurğulayıb.
Bundan başqa, S.Cəlaloğlu vurğulayıb ki, Babəkin üç arvadı olub və onlardan biri də ermənidir:
“Babək son günlərində xəlifədən əfv istəyib, amma xəlifə onu əfv etməyib. Belə olanda Babək erməni arvadını da götürərək Bəzz qalasını gecə ilə tərk edib. Qoşunu başsız qoyaraq gedib. Və xəlifənin qoşunları da Bəzz qalasına daxil olaraq qoşunu qırıb. Babək erməni knyazı Səhl Sumbatın yanına gedib. Erməni knyazı Babəkin erməni arvadının qohumu idi. Səhl Sumbat görür ki, Babəkin qoşunu yanında deyil, onu elə gecə ilə də 2 milyon dirhəmə ərəb xəlifəsinə satır. Amma görürsünüz ki, Babək də qaçır. Bu adam necə Azərbaycanın qəhrəman simvolu ola bilər? Sovet dövründə yaranan qəhrəman simvolları sinfi qəhrəmanlar idi. Guya kasıbların haqlarını qoruyan və xalqının varlıları ilə döyüşən saxta “qəhrəman”lar idi”.