Bakıda Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa” keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, səfirlər və diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Tədbiri açıq elan edən Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin daim inkişafda olduğunu bildirib.
Onun sözlərinə görə, qarşılıqlı maraq kəsb edən aktual məsələlərdən biri “Orta dəhliz”dir. “Son geosiyasi hadisələr fonunda bu dəhlizin potensialı çox böyükdür”, - o deyib.
“Biz Azərbaycan ilə qardaş xalqlarıq və bu, təkcə mənim deyil, bütün qazax xalqının fikridir”, - Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov deyib. O, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkələrin qarşılıqlı dəstəyindən söhbət açaraq Qazaxıstan və Azərbaycanın beynəlxalq arenada daim bir-birlərini dəstəklədiklərini vurğulayıb.
“Strateji tərəfdaşlıq haqqında 2004-cü ildə Astanada, 2005-ci ildə Bakıda imzalanmış sazişlər Azərbaycan-Qazaxıstan əməkdaşlığı üçün vacib əhəmiyyət kəsb edir”, - o deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin öz həllini tapması yeni reallıq yaradıb və regionun bütün ölkələri bu reallığı qəbul edir.
Görüşün yekunu olaraq, Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb.