Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı bəyannaməsini qəbul ediblər.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir Elmar Məmmədyarov bildirib ki, bəyannamədə belə görüşlərin davamlı keçirilməsi vurğulanıb.
“Bu formatda görüşləri Aşqabadda və Türkiyədə də keçirməyi qərara aldıq”, Məmmədyarov deyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Türkiyədəki Soma faciəsindəki yardımlara görə, Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib:
“Biz bu görüşlərdə bir-birimizi anlamaqda heç bir çətinlik çəkmədik. Qərara gəldik ki, hər il iki dəfə görüşək və bir sıra məsələləri müzakirə edək. Bu görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, iqtisadi vəziyyət müzakirə olundu”.
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov görüşün mühüm əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərləri bu formatda ilk dəfə görüşüblər.