"Bizim Ermənistan Xarici İşlər Nazirliyi ilə mütəmadi əsasda kontaktlarımız, görüşlərimiz olur və yaxın zamanlarda da belə bir görüşün həyata keçirilməsi istisna deyil".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə növbəti fürsətlərdə ikitərəfli görüş keçirilməsi istiqamətində razılıq əldə olunub:
"Son dəfə "ŞƏT plyus" formatında Bişkekdə Prezident İlham Əliyev iştirak edib və çoxsaylı görüşlər keçirib. O cümlədən Ermənistan baş naziri ilə görüşlər olub.
Orada bizim belə tam formatlı görüşümüz olmasa da, Ararat Mirzoyanla həmin ərəfədə bir sıra məsələlər üzərində fikir mübadiləsi aparmaq imkanına malik olduq və orada da razılıq əldə etdik ki, növbəti fürsətlərdə biz ikitərəfli görüş keçirib bir sıra məsələləri müzakirə edəcəyik.
Yəni yaxın zamanlarda belə bir görüş baş tuta bilər".