"Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur".
Oxu.Az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.

"Prezident İlham Əliyevin söylədiyi kimi, türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib, təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb (7.3 mlrd. dollar). Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialımızın tam şəkildə reallaşmasına imkan yaradacaq", - hökumət başçısı vurğulayıb.