Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı-Pekin iqtisadi tərəfdaşlığı: Liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib
Qədim İpək Yolu dövründən başlayan tarixi Azərbaycan-Çin münasibətləri günbəgün güclənərək daha strateji mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan-Çin münasibətləri iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Dövlətlərarası sərmayələrin təşviqi, imzalanan sazişlər, iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.
Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Çinə olan səfərləri, eləcə də, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri əlaqələrin daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfələr verib.
Əminliklə deyə bilərik ki, Bakı-Pekin tərəfdaşlığındakı yüksək səviyyənin əldə edilməsində Azərbaycan və Çin liderlərinin şəxsi münasibətlərinin müstəsna rolu var. Hər iki liderin səsləndirdiyi fikirlər də bunu təsdiq edir. "Azərbaycanla Çin arasında qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son dərəcə vacib və tarixi məqamdır", - deyə Prezident İlham Əliyev bəyan edib.
Buna bənzər fikri Çin lideri Si Cimpin də səsləndirib. O bildirib: "İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad, dövlətimizin başçısının Çinə səfərləri, qarşılıqlı məktublar iki ölkə arasında əməkdaşlığın inkişafı və daha da dərinləşməsi üçün siyasi zəmanətdir. Bu kontekstdə Çin sərmayəsinin Azərbaycan iqtisadiyyatına qazandırılması ayrıca bir hadisədir.
Beləliklə, hər iki liderin bildirdiyi kimi, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və ikitərəfli əlaqələrdə qazanılan nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Həqiqətən də, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Azərbaycanla Çin arasında münasibətlər artıq strateji önəm kəsb etməkdədir. İki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır, ölkələrimizin siyasi, iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığı gündən-günə möhkəmlənir.
Əksər beynəlxalq ekspertlər, analitiklər bəyan edirlər ki, həm coğrafi mövqe etibarilə, həm də iqtisadi əməkdaşlıq potensialına görə regionun ən mühüm ölkəsi olan Azərbaycan Çinlə böyük əməkdaşlıq perspektivlərinə malikdir. Üstəlik, ölkəmizin həyata keçirdiyi mühüm nəqliyyat-kommunikasiya layihələri bu imkanları daha da artırmaqla, Azərbaycanı həm də Çinlə Avropa arasında vacib tranzit ölkəsinə çevirir. Ona görə də hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq getdikcə daha çox aktuallaşır.
Yeri gəlmişkən, ən mühüm olan həm də odur ki, Azərbaycanla Çin arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Eyni zamanda, qlobal dünyanın çağırışları da əlaqələrin dərinləşdirilməsini zərurətə çevirib. Qlobal gücə çevrilən Çinin artan iqtisadi qüdrəti dünyada həlledici söz sahibi olmasını şərtləndirən əsas amillərdən biridir.
Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli şəkildə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə bir milyard 300 milyon dollar, 2018-ci ildə bir milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2.1 milyard dollar, 2022-ci ildə 2.2 milyard dollar, 2023-cü ildə isə 3.1 milyard dollar təşkil edib. Son doqquz ildə mal mübadiləsi altı dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.
Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşı arasında dördüncü yerdə qərarlaşır. İdxalda isə üçüncü yeri tutur. Çin Azərbaycanda potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1.5 milyard dollara qədər sərmayə yatırıldığı bildirilir.
Öz növbəsində, Azərbaycan Çinə çoxhəcmli investisiya qoyuluşlarında pay sahibidir. Bu investisiyaların həcmi 1.7 milyard dolları ötür. Xüsusi qeyd edilməlidir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da güclənib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.
Son dövrlərdə dünyada baş verən regional və qlobal hərbi hadisələr kontekstində Çinlə Azərbaycanın birgə ideyası olan Orta Dəhliz layihəsi və onun səmərəliliyi daha cəlbedicidir. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünün olduqca mühüm həlqəsi Azərbaycandır. Hazırda bu layihə üzrə yükdaşımalar iqtisadi səmərəlilik və təhlükəsizlik baxımından təcrübədə özünü doğruldur. Ona görə də ölkəmizin təşəbbüsü ilə Yaxın və Orta Şərq müttəfiqlərimiz həm təbii coğrafi baxımından, həm də iqtisadi-siyasi maraqlar nöqteyi-nəzərindən bu layihənin iştirakçılarına çevrilməkdədir. Xüsusilə, qeyd etmək lazımdır ki, bu münasibətlər sistemli xarakter daşımaqla perspektivdə həm də Çin-Türk Dövlətləri Təşkilatı əməkdaşlığına çevrilir.
Hazırda ölkələrimiz arasında yükdaşımaların optimallaşdırılması və vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüslər var, bu isə nəticə etibarilə vahid pəncərə siyasətinin tətbiqinə gətirib çıxaracaq.
Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün "Bir kəmər, bir yol" layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Bu mərhələ üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, həm də elm, texnologiya, İKT, rəqəmsallıq, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir.
Bu baxımdan, görünən odur ki, yaxın perspektivdə Azərbaycanınla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, sözügedən sahə və istiqamətlərdə də səmərəli fəaliyyətlərin artırılması yönündə işlər getdikcə intensivləşəcək.
"Report" İnformasiya Agentliyi
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Deputat: "Hərbi qanunvericiliyə edilən təkliflər Zəfərin yaratdığı yeni reallıqlardan irəli gəlir"
- Prezident Cənub Qaz Dəhlizi ilə bağlı Sərəncam imzalayıb
- Gələn il növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
- AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM
- Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib