İndiyə qədər Ermənistanın əsas internet trafiki Gürcüstandan keçirdi. İkinci tranzit istiqaməti İran idi. Ermənilər trafikin 20 faizinə qədərini oradan alırdılar.
Baku TV-nin məlumatına görə, Yaxın Şərq münaqişəsindən sonra bu məsələdə İranın zəif halqa olduğu üzə çıxdı. İnternet trafikinin diversifikasiyası isə dövlət üçün son dərəcə vacib olan kibertəhlükəsizlik məsələsidir.
İrəvanla razılaşmaya görə, "Azərtelekom" öz şəbəkəsi vasitəsilə Ermənistana beynəlxalq internet trafikinin tranzitini təmin edəcək. Bu qərar əvvəlcə Ermənistan ictimaiyyətində müəyyən çaşqınlıq, hətta etirazlar doğurdu. Lakin tezliklə cəmiyyətə izah olundu ki, internet trafiki ilə təmin etmək heç də internet əlaqəsinin məzmununa nəzarət etmək demək deyil. Azərbaycanın bu funksiyanı yerinə yetirməsi ermənilərin şəxsi informasiya təhlükəsizliyinə nəinki heç bir təhdid yaratmır, hətta əksinə, təhlükəsizliyini artırır.
Üstəlik, bu, qarşılıqlı prosesdir. Razılaşmaya görə, həmçinin Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən internet trafiki də Ermənistandan keçəcək. Saniyədə 100 giqabayt ötürücülük qabiliyyəti olan kabel Gorus rayonunun Kornidzor kəndi ərazisində Ermənistana daxil olacaq. Ermənilərin Yerasx dedikləri Arazdəyən kəndindən isə Naxçıvana keçəcək. Öz növbəsində, ermənilərin də təbii ki, bizim dataya nəzarət imkanı olmayacaq. Göründüyü kimi, bu razılaşma praktik olaraq Zəngəzur dəhlizinin məntiqi ilə həyata keçirilib. Azərbaycan Ermənistana gedən trafikin yolunu açır, Ermənistan isə Azərbaycanla Naxçıvan arasında rabitəni təmin edir. Demək, Zəngəzur dəhlizinin məntiqi artıq işləməyə başlayıb. Hələ ki onlaynda. Qalır oflaynda da tətbiqi.