Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.
“Report” xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın baş prokurorları, MDB Baş Prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də, MDB Katibliyi və MDB-nin Antiterror Mərkəzinin məsul şəxsləri iştirak edirlər.
Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.
Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksəksəviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edib.
O, iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.
Qeyd edək ki, iclasdan öncə Bakıda səfərdə olan ölkələrin baş prokurorları, nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların məsul əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
Bundan sonra baş prokurorlar Mərkəzi Park ərazisində xatirə ağaclarının əkilməsi mərasiminə qatılıblar.