Bakıda, "Gülüstan" sarayında keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşünun sonunda birgə bəyanat qəbul edib.
Oxu.Az "Report"a istinadən bəyanatın mətnini təqdim edir:
"Türk Dövlətləri Təşkilatının hökumət başçıları/vitse-prezidentinin ikinci görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kiprin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataquliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev iştirak ediblər.
TDT-yə üzv dövlətlərin hökumət başçıları/vitse-prezidenti 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar;
Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər;
Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar;
2025-ci il 7 oktyabr tarixində Qəbələdə "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd edib, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıblar;
Bu çərçivədə, 7 mart 2026-cı il tarixində İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirib, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndiriblər;
Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar;
"Türk Dünyası Baxış-2040" sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyi ifadə ediblər;
Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildiriblər;
Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər;
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar;
Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər;
Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər;
Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə ediblər;
Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırıblar;
Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləyiblər;
Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləyiblər;
İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd edib və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər;
Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləyiblər;
Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləyiblər;
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıblar;
TDT Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləyiblər;
Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlayıblar;
Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər. Bəyanat Bakıda ingilis dilində qəbul edilib.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşündə birgə bəyanat qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə görüşün sonunda Azərbaycanın Baş nazir Əli Əsədov məlumat verib.
Bununla da TDT-nin Bakı görüşü başa çatıb.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən və iki gün davam edəcək görüşdə hökumət nümayəndələri iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə edəcəklər.
Tədbirdə Azərbaycanın Baş nazir Əli Əsədov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Özbəkistanın Baş naziri Abdulla Aripov iştirak edirlər.