“Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 915; 2016, № 9, maddə 1579) ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“11. İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər
11.1. Əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir.
11.2. İnternet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır:
11.2.1. mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir;
11.2.2. zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir;
11.2.3. oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır;
11.2.4. kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.”.
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il 1 iyun tarixinədək icra edilməsini təmin etsinlər.