Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqların heç bir mənası yoxdur.
Bunu SalamNews-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas bildirib.
O deyib ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı apardıqları danışıqlar mənasızıdır:
“Mən tarixçiyəm. Tarixdə mənə elə bir fakt rast gəlməyib ki, danışıqlar yolu ilə işğal edilmiş hər hansı bir ölkənin ərazisi qaytarılsın. Hesab edirəm ki, erməni işğal etdiyi torpağlarından danışıqlar yolu ilə çıxan deyil. Axı, Dağlıq Qarabağ torpaqları təkcə erməni deyil, ayrı-ayrı qüvvələrin köməyi ilə işğal edilib. Ermənistanın Qarabağı işğal etməyə gücü və qüdrəti yoxdur”.
Deputat vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə irəliləyişlər var. Ordumuz ən müasir silah və texnika ilə təchiz olunur. Azərbaycan torpaqlarını öz gücünə azad edəcək:
“Mən həmişə demişəm və budan sonra da sözümün üstündə dururam. Azərbaycan Ermənistan ilə çox güclü müharibə aparacaq. Azərbaycan Qarabağ münaqişəsi zamanı 20 mindən çox şəhid verib. Amma, lazım gələrsə, Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaq üçün 50 min şəhid verməyə hazırıq”.
www.salamnews.org
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin