Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.
Prezident Sadır Japarovun çıxışı:
“Hörmətli İlham Heydər oğlu. Hörmətli qonaqlar, əziz dostlar.
Biz bu gün Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak edirik.
Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.
Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub.