Avqustun 13-də Bakı şəhərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Belə ki, hava limanından şəhər istiqamətinə, həmçinin Zağulba qəsəbəsi istiqamətinə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfər edəcək.
Səfər çərçivəsində iki ölkə prezidentlərinin görüşünün yekunları əsasında enerji və nəqliyyat sahələri də daxil olmaqla, 5-6 rəsmi sənədin imzalanması gözlənilir.
Prezidentlər həmçinin beynəlxalq və regional gündəmin əsas məsələlərini, Xəzər dənizinin hüququ statusunu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov daxil olacaq.