Özbəkistan parlamentinin deputatı Cəmilə Şermuxamedova Daşkənd və Bakı arasında inkişaf edən münasibətləri yüksək qiymətləndirərək onların tarixi və mədəni əhəmiyyətini vurğulayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Bu gün bizim müdrik və praqmatik liderlərimiz - həm İlham Əliyev, həm də Şavkat Mirziyoyev hər şeyi bir strateji nöqtədə birləşdiriblər. Bu, dostluq körpüsü, iqtisadi inkişaf körpüsüdür", - o qeyd edib.
C.Şermuxamedovanın sözlərinə görə, iki ölkə arasında münasibətlər siyasət və iqtisadiyyatdan kənara çıxır.
"Azərbaycan və Özbəkistan mənim evimdir. Mən onları ayırmıram. Bizim qanımızı, dostluğumuzu, münasibətlərimizi heç kəs poza bilməz".
Deputat qeyd edib ki, bu cür millətlərarası və mədəniyyətlərarası əlaqələr qarşılıqlı mədəniyyət, qarşılıqlı fayda, səmimi münasibətlər yaradır ki, bu da bütün dünya üçün örnəkdir və regionun sabit inkişafının təməlini qoyur.
O hesab edir ki, iki ölkənin xalqları bir-birlərini hər cür dəstəkləməlidirlər.