İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin, təhlükəsizliyin, habelə enerji və nəqliyyat bağlantılarının inkişafında mühüm rolunu vurğulayıblar. Bu çərçivədə Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, regional tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən 10-cu toplantısı çərçivəsində baş tutub.
