2025-ci il iyunun 21-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində təşkil olunan fövqəladə iclasda iştirak edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir iclasda çıxışı zamanı İsrail-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişməsinin narahatlıq doğurduğunu, mülki insanların həyatını, habelə regional və beynəlxalq sabitliyi təhdid edən vəziyyətin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Sıx etnik və mədəni bağlarımızın, beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan qonşuluq əlaqələrimizin mövcud olduğu İran ərazisində mülki və nüvə infrastrukturuna dəyən ziyanın regional miqyasda mülki əhaliyə və ətraf mühitə ciddi təhlükə yaratması baxımından xüsusi narahatlıq mənbəyi olduğu bildirilib.
Mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.
Çıxışda, münaqişə və böhranlarla əhatə olunmuş bölgədə uzun sürən növbəti silahlı qarşıdurmanın qarşısının alınmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan diplomatik prosesin bərpasına çağırış edilib.