Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.
Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
İraq Prezidenti Abdullatif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər ikitərəfli münasibətlərin inkişafı, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələr barədə fikir mübadiləsi aparıblar.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Nazir Bayramov həmçinin regionda münaqişədən sonrakı yenidənqurma səyləri və sülh gündəliyi barədə ətraflı məlumat verib.
Hər iki tərəf qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqlənib.
Nazir Ceyhun Bayramovun İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünə dair mətbuat məlumatıhttps://t.co/s9fOv5TELC pic.twitter.com/Tvijb5agqw
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 7, 2025
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan-İraq Biznes Şurasının önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.
Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.
Bugünkü səfər çərçivəsində, həmçinin ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə, həmçinin gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.
Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.
İraqın xarici işlər naziri Fuad Hüseyn Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında təkbətək görüş başlayıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə səfər çərçivəsində Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"
- Ceyhun Bayramov: "2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub"