Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov keçən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlıq ifadə edib.
" Xalqlarımız arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları və eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.
Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, Qazaxıstanın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri və eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb", - deyə qurumdan verilən məlumatda bildirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Oxu.Az bu barədə Qazaxıstan KİV-ə istinadən məlumat verib.
Qəbul zamanı nitq söyləyən Qazaxıstan prezidenti vurğulayıb ki, C.Bayramovun səfəri iki dost və qardaş ölkənin əlaqələrinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
"Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz ölkənizi etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - Kasım-Jomart Tokayev vurğulayıb.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkürünü çatdırıb.
Görüş zamanı iri strateji layihələrin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı məsələlər müzakirə edilib.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Qazaxıstanın baş naziri Heydər Əliyev Mərkəzində olub
- Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib