Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bu ay Nyu-York şəhərində görüş baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın XİN rəhbəri "Azadlıq" radiosunun sualını cavablandırarkən məlumat verib.
"Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək", - deyə görüşün gündəliyi barədə təfərrüatı açıqlamayan Mirzoyan qeyd edib.
Qeyd edək ki, sentyabrın 8-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında sonuncu görüş sentyabrın əvvəlində Bişkekdə - Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilmişdi. Həmin görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını və yaxın müddətdə yenidən bir araya gələcəklərini bəyan etmişdi.