Çin Azərbaycanın Silahlı Qüvvələrinə əvəzsiz hərbi yardım göstərəcək.
APA xəbər verir ki, kömək bu ilin yanvarın 21-də Azərbaycan və Çinin müdafiə nazirlikləri arasında imzalanmış razılaşma əsasında həyata keçiriləcək.
Saziş çərçivəsində Çin tərəfi Azərbaycanın Silahlı Qüvvələrinə 3 milyon yuan (490 min ABŞ dolları) məbləğində əvəzsiz hərbi yardım göstərəcək. Köməyin konkret növləri və həcmləri tərəflərin əlavə olaraq imzalayacaqları protokollardan əksini tapacaq.
Azərbaycan tərəfindən saziş Çindəki hərbi attaşe, 1-ci dərəcəli kapitan Nurulla Əliyev, Çin tərəfdən isə Müdafiə Nazirliyinin xarici işlər dəftərxanasının rəis müavini, general-mayor Çi Quovey tərəfindən imzalanıb.
Qeyd edək ki, 2011-ci ildə imzalanmış dövlətlərarası protokol çərçivəsində Çinin Müdafiə Nazirliyi Azərbaycanın Silahlı Qüvvələrinə 6 milyon yuan (təxminən 951 067 ABŞ dolları) məbləğində əvəzsiz hərbi yardım göstərmişdi.
www.apa.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin