Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Nəsimi rayon sakinləri, xüsusən də 1-5-ci mikrorayon sakinləri yeni tikilən çoxmərtəbəli binalarda tikintinin əsas ağır və çox səsli-küylü hissəsinin gecə vaxtları aparılmasından və bunun isə sakinləri gecə vaxtı narahat etməsindən şikayətlənirlər:
“Bu problemlə bağlı həm rayon İcra Hakimiyyətinin başçısı hörmətli Asif Əsgərova, həm də Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri hörmətli Anar Quliyevə müraciətimi bildirdim. Parlament rəhbərliyinə və həmkarlarıma onların hər ikisinin bu məsələyə çox diqqət və həssaslıqla yanaşmalarını bildirdim.
Məlum oldu ki, Nazirlər Kabinetinin qərarı ilə ağır tonnajlı maşınlar axşam saatlarınadək şəhərə buraxılmadığından belə bir problem yaranır. Bir tərəfdən sahibkar fəaliyyətini davam etdirməlidir. Digər tərəfdən insanların istirahət hüquqları var. Bu səbəbdən haqlı narazılıq yaranır. Ona görə Parlamentin müvafiq komitəsindən bu problemin mövcud qanunvericiliklə tənzimlənməsini xahiş etdim”.
Könül Cəfərli