Qırğızıstanın paytaxtı Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının (PA) əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub.
Oxu.Az-ın xəbərinə görə, müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionda olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.
Sessiyada çıxış edən deputat Tahir Mirkişili regionda təhlükəsizliyə əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasını göstərib, Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər doqquz nəfərindən biri məcburi köçkündür”, - deyən T.Mirkişili bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına mane olduğunu vurğulayıb.
Ermənistanda hökumət dəyişikliyinin Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən T.Mirkişili sonrakı proseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu, bunun regionda yeni təhlükəli situasiya yaratdığını qeyd edib.
Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitliyi, vətəndaş həmrəyliyini, cəmiyyətdəki həmrəyliyi, multikulturalizmi, dinlər və xalqlararası dialoqu, dayanlıqlı və dinamik iqtisadi inkişafı göstərib.
Millət vəkili bunlara nail olmaq üçün hər bir ölkəni Azərbaycanın təşəbbüslərini dəstəkləməyə çağırıb.
Kamil HƏMZƏOĞLU
www.oxu.az