Milli Məclisin deputatı, Avropa Parlamenti (AP) ilə Əməkdaşlıq Komitəsinin üzvü Kamal Cəfərov AP-nin 2020-ci il 10 iyun tarixli bəyanatını şərh edib.
K.Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəyanatla Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalı bir daha təsdiq edildi.
Onun sözlərinə görə, sənədin əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi.
“Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycanın səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda, Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir”, - deyə K.Cəfərov əlavə edib.
Deputatın fikrincə, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı ciddi və vahid mövqeyi var.
“Hesab edirəm ki, Ermənistan işğal siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi. Avropa Parlamenti də buna həm hüquqi, həm də siyasi rəy verdi. Eyni zamanda, bu birgə bəyanat göstərdi ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Bütün dünya bir daha yaddaşını yenilədi kı, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb.
Aqşin Kərimov