Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputatlar narkotik vasitələr və psixotrop maddələrlə bağlı sənədi üçüncü oxunuşda təsdiqlədi
Dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitələrin, psixotrop maddələrin siyahısı genişləndirilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı müvafiq layihələr parlamentin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanunlara dəyişiklik təklif olunur.
Dəyişikliyə zərurət yaradan amillərdən biri budur ki, beynəlxalq konvensiyalarla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitələrin, psixotrop maddələrin siyahısına yeniləri əlavə olunub.
Lakin bu, Azərbaycanın müvafiq qanunlarına öz əksini tapmayıb.
Bundan əlavə, Azərbaycan ərazisində yeni növ narkotik və psixotrop maddələrin dövriyyəsi halları aşkarlanır.
Qanun layihəsinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara daxil edilir.
Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq.
Sənəd səsə qoyularaq qəbul edilib.
Aqşin Kərimov