Azərbaycanda Milli Məclis deputatlarının sayı artırıla bilər.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının ANS PRESS-ə verdiyi açıqlamaya görə, hazırda bu məsələ gündəmə gəlib, ayrı-ayrı şəxslər tərəfindən aktuallaşdırılıb.
Millət vəkili bildirib ki, son referendum seçkilərində mojaritar və proporsional seçki sistemlərilə yanaşı deputatların sayının artırılması təklifi ilə də çıxış edib.
F.Ağamalı deputatların sayının artırılmasının əhali sayının çox olması və demoqrafik vəziyyətin yüksək olması ilə əlaqədar olduğunu bildirib:
“Seçicilərin sayının artması deputat yerlərinin sayının da artırılmasına şərait yaradır. Hələ biz bu məsələni irəli sürmüşük. Mən Parlamentdə yaxın zamanda bu məsələni irəli sürmək fikrindəyəm. Amma bu məsələ Milli Məclis rəhbərliyinin iradəsindən asılıdır”.
Komitə sədri, həmçinin qarışıq seçki sisteminin də tətbiqinin vacib olduğunu söylədi:
“Qarışıq seçki sisteminin əhəmiyyəti ondadır ki, bu sistemin tətbiqi partiyaların yerini və rolunu gücləndirəcək. Sivil rəqabətə şərait yaradacaq. Qarışıq seçki sistemi ilə parlament seçkilərini keçirsəydik, daha faydalı olardı. Bunun üçün ilk növbədə Konstitusiyaya dəyişiklik olunmalıdır. Qarışıq seçki sisteminin tətbiqi və deputat yerlərinin artırılması məsələsi gündəmə gələ bilər”.