Ölkə prezidenti İlham Əliyevin sərəncamları ilə daha üç millət vəkili hökumətdə yer alıb.
Oxu.Az-ın xəbərinə görə, bunlar Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov və millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevdir.
Qeyd edək ki, M. Babayev Hüseynqulu Bağırovun yerinə ekologiya və təbii sərvətlər naziri, F. Muradov Nazim İbrahimovun yerinə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, V.Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.
Bununla da MM üzvlərinin sayı daha üç nəfər azalıb, 125-dən 119-a düşüb.
Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Bundan əlavə, MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev iki gün öncə “Qaçqınkom”un sədri vəzifəsinə təyin olunduğundan yaxın günlərdə onun da deputatlıq fəaliyyətinə xitam veriləcəyi gözləniləndir.
Bir neçə gün öncə millət vəkili, professor Astan Şahverdiyev qəflətən ürək tutmasından dünyasını dəyişib və onun da yeri boşdur.
Son üç təyinatla adları yuxarıda qeyd olunan deputatların səlahiyyətinə xitam veriləcək.
Beləliklə, parlamentdə millət vəkillərinin sayı 125-dən 119-a düşmüş olacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az