ABŞ Dövlət Departamenti, Kaliforniya senatının (Parlamentin ali palatası) Dağlıq Qarabağ üzrə qəbul etdiyi bəyanatı bir ştatın qərarı hesab edir.
Oxu.Az Aze.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Məlumatda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki brifinq zamanı bəyan edib ki, Kaliforniya ştatının senatı tərəfindən qəbul edilmiş bəyanatın bir ştatın qərarı olduğu üçün şərh etmək fikrində deyil.
Avqustun 27-də Kaliforniya senatı antiazərbaycan xarakteri daşıyan bəyanat qəbul edib.
“Erməni lobbisinin təsiri ilə Kaliforniya senatının gündəliyinə antiazərbaycan xarakter daşıyan AJR 32 bəyanatının qəbul edilməsi salınıb. O vaxtdan, yəni sözügedən bəyanat gündəmə gələndən Azərbaycanın Los-Ancelesdə yerləşən konsulluğu çoxsaylı görüşlər keçirib, bu bəyanatın ABŞ siyasətinə zidd olması göstərilib, etnik təmizləməni və qanunsuz işğalı təsdiqləyir”, - Los-Ancelesdə Azərbaycan Baş Konsulluğunun daha öncə yayılmış məlumatında deyilib.
Məlumatda qeyd edilib ki, Kaliforniya ştatının qanunverici orqanının iki erməni deputatının hədə-qorxusuna və erməni lobbisinin təzyiqinə baxmayaraq avqust ayının 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qəbul edilən bəyanatın lehinə səs verməkdən imtina ediblər.