Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.
Allah Sizi və xalqınızı qorusun".
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik".
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan da dövlətimizin başçısına başsağlığı verib.
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik".
Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq".
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük".
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min də dövlətimizin başçısına başsağlığı verib.
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
Bundan başqa, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik də dövlətimizin başçısına başsağlığı verib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
- İran prezidenti İlham Əliyevə başsağlığı verdi
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib