Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ekspert: “Fransa rəsmi Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi ola bilməz”
“Fransa Azərbaycan ilə Ermənistan arasında danışıqlarda etibarlı vasitəçi sayıla bilməz”.
Bunu “Report”a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Fransa indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qurulması prosesində bitərəf sayıla bilməz.
O bildirib ki, 30 il ərzində demək olar, hər il biz Fransanın vəziyyəti necə gərginləşdirdiyini görürdük:
“Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun davranışında 1990-cı və 2000-ci illərdə Jak Şirak və Robert Koçaryanın hərəkətlərinin təkrarını görürük”.
Politoloq bildirib ki, oktyabrda Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat qəbul edilib.
“Beləliklə, həm Ermənistan, həm də Fransa Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər”, - politoloq vurğulayıb.
Onun fikrincə, görüşdən sonra Fransada səsləndirilən bəyanatların vəziyyəti gərginləşdirdiyinin şahidi oluruq:
“Daha doğrusu, öz ölkələrinin sosial-iqtisadi problemlərini unudan Makron və onun partiyasının nümayəndələri hər gün erməni məsələsini müzakirə edirlər. Erməni diasporunun təsiri altında Fransa Avropanın təhlükəsizlik məsələlərini, Ukraynadakı müharibəni və digər aktual məsələləri unudur”.
Z.Məmmədov bunun arxasında açıq-aşkar erməni diasporunun maliyyəsinin dayandığını diqqətə çatdırıb:
“Erməni diasporu başa düşür ki, Fransa vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməyə davam etmək olar”.
Politoloq əlavə edib ki, Azərbaycan üçün ATƏT-in Minsk qrupu keçmişdə qalıb və hazırkı münaqişədən sonrakı mərhələdə Fransa Azərbaycan ilə Ermənistan arasında danışıqlarda etibarlı vasitəçi sayıla bilməz.