Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, müşavirədə qış mövsümünə hazırlıq, Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı iş planı, Prezident İlham Əliyevin Azərbaycan paytaxtında həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tapşırıqlarının icrası və şəhərin parklarında gül və yaşıllıqların dizaynı müzakirə edilib.
Rayon İcra Hakimiyyətləri (RİH) başçılarına Yeni ilə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə, həmçinin mümkün qar yağması ilə bağlı hərtərəfli tədbirlər planı qəbul edilib.
Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilən nöqsanlara görə ciddi tənqid olunub.
Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.