Türkiyə və Azərbaycan region ölkələri arasında münasibətlərin yaxınlaşması və möhkəmlənməsində mühüm rol oynayırlar, 18-ci Avrasiya İqtisadi Sammiti isə bu məqsədə çatmağa yardım edir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
“Sammitin keçirilməsi ideyası “bir millət, iki dövlət” fəlsəfəsinə söykənir, türk və Azərbaycan xalqları üçün mühüm hadisədir. 30-dan çox ölkəni birləşdirən Avrasiya İqtisadi Sammiti təkcə Türkiyə və Azərbaycanın yaxınlaşması deyil, həm də region ölkələri arasında münasibətlərin möhkəmlənməsində yardım edir”, - deyə, Əli Həsənov aprelin 7-də “Marmara Group” tərəfindən İstanbulda təşkil olunmuş 18-ci Avrasiya İqtisadi Sammitində iştirak üçün səfər etdiyi Türkiyədə Hurriyet Daily News nəşrinə bildirib.

İki ölkə arasında enerji və iqtisadiyyat sahəsində münasibətləri şərh edən Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyə və Azərbaycanın regionda lider, Avropa və Asiya arasında əlaqələndirici halqa olduğunu diqqətə çatdırıb.
“Regiondakı hadisələrin təhlil və müzakirə edildiyi platforma “Marmara Group” fondu tərəfindən həyata keçirilir”, - deyə, Natiq Əliyev prezident İlham Əliyevin Azərbaycan qazının qərb bazarlarına nəqli üçün inşa edilən, dəyəri 10 mlrd. dollar olan Transanadolu qaz kəməri layihəsinin (TANAP) martın 17-də keçirilmiş təməlqoyma mərasimini şərh edərkən bildirib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bəyan edib ki, Türkiyə və Azərbaycan regionda təkcə enerji və nəqliyyat deyil, həmçinin informasiya texnologiyaları sahəsində də mühüm rol oynayırlar.
Abbasov bildirib ki, Avrasiya mühüm regiondur və burada iqtisadi kütlə Qərbdən yeni-yeni bazarların açıldığı Şərqə tərəf irəliləməyə başlayıb.
“Bu region qlobal problemlərin həllində vacib yer tutub. Bu baxımdan sammitin keçirilməsi hər iki ölkənin regiondakı rolunun güclənməsi demək olacaq”.