Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının İnsan Resursları, Elm və Texnologiya məsələləri üzrə Komissarı Martial De-Paul İkounga ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, görüş zamanı E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın elm, təhsil və texnologiya sahələrində regionun qabaqcıl ölkəsinə çevrildiyini Aİ rəsmisinin diqqətinə çatdırdı.
E.Abdullayev hələ SSRİ dövründə Azərbaycanın Afrika ilə təhsil sahəsində əməkdaşlığının geniş olduğunu və minlərlə afrikalının Azərbaycanın müxtəlif Universitetlərindən və digər təhsil ocaqlarından məzun olduğunu bildirdi.
Afrika ölkələrinin Azərbaycanın təhsil müəssisələrinin yüksək səviyyəyə malik olması barədə məlumatlı olduqlarını qeyd edən Aİ Komissarı Martial De-Paul Ikounga bu sahədə Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qaldırılması vacibliyini vurğuladı. Afrikalı rəsmi iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirdi.
Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılması və səfərlər mübadiləsinin həyata keçirilməsi zəruriliyi vurğulandı.