Avropalılar çətir qurmağı, hamını bir toplamağı sevirlər, çünki onlara belə halda yanaşmanı müəyyən etmək asandır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Rossiya-24” telekanalına verdiyi müsahibəsində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı barədə danışarkən bildirib.
Nazirin sözlərinə görə, Riqa sammitində real olaraq, “Şərq tərəfdaşlığı”nın Avropa İttifaqı ilə münasibətlərini müəyyənləşdirən üç qrup dövlət müəyyənləşib.
“Bir qrup dövlət Ukrayna, Gürcüstan və Moldovadır, bu dövlətlər Aİ ilə qarşılıqlı münasibətlərini assosiasiyalı razılaşma səviyyəsində müəyyənləşdiriblər, bura azad ticarətə dair razılaşma da daxildir.
İkinci qrup dövlətlər Belarus və Ermənistandır. Onlar Aİ ilə münasibətlərini Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında iştirakları səviyyəsində müəyyənləşdiriblər.
Və üçüncü qrup – tək lider və Aİ ilə öz münasibətlərini ikitərəfli münasibət prizmasından müəyyənləşdirən Azərbaycandır”, - XİN rəhbəri bildirib.
Nazir xatırladıb ki, Riqada Azərbaycan strateji tərəfdaşlıq barədə razılaşma layihəsini verib, burada Azərbaycanın Aİ ilə qarşılıqlı münasibətə dair baxışı qeyd edilib.
“Bu sənəd ikitərəfli xarakterlidir, Aİ və Azərbaycan arasında ilk növbədə bərabərhüquqlu və qarşılıqlı hörmət xarakterlidir”.
Azərbaycan Aİ üzvləri ilə strateji tərəfdaşlığa dair artıq 10-a yaxın sənəd imzalayıb.
Azərbaycanı Aİ ilə assosiasiyalı razılaşma qane etmir, çünki ölkə ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) üzv deyil və buna görə də azad ticarət ərazisi Azərbaycana tətbiq edilə bilməz”, - Elmar Məmmədyarov bildirib.