Moldova ombudsmanı Aureliya Qriqoriuya təzyiq və təhdidlər göstərdi ki, Ermənistan terror siyasəti yürüdür.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına erməni tərəfinin reaksiyası, bunun ardınca başlanan təqiblər və Aureliya Qriqoriuya İrəvanda edilən təzyiqlər göstərdi ki, Ermənistan rəhbərliyinin yürütdüyü terrorçuluq siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyur”.
Elnur Aslanov qeyd edib ki, Avropa institutları Moldova ombudsmanının Ermənistanda üzləşdiyi situasiya ilə bağlı öz prinsipial mövqelərini ifadə etməlidir: “Əgər hansısa ölkədə digər ölkənin vətəndaşının hüquqları pozulursa, o zaman Avropa Parlamentinin deputatları toplaşmalı və bu məsələyə münasibətini ifadə etməlidir. Avropa Parlamenti insan haqlarının müdafiəsinin tərəfdarı olduğunu, ikili standartlar siyasəti yürütmədiyini nümayiş etdirməlidir. Biz Avropa Parlamentindən bu addımı gözləyirik”.