Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əndazəni aşan Olivye: Fransanın İrəvandakı səfirinin separatizm sevgisi - ŞƏRH + FOTO
Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə bütün əndazələri aşmaq siyasətini davam etdirir. Rəsmi Paris Ermənistanı Azərbaycana qarşı qaldırmağa cəhd göstərir, onu müasir silahlarla təchiz edir, revanşistlərə dəstək verməklə yanaşı, keçmiş separatçı rejimin qalıqlarına açıq dəstək nümayiş etdirir.
Bu riyakar siyasətin həyata keçirilməsində Ermənistandakı səfir Olivye Dekotinyinin xüsusi rolu var. O, ölkəsinin separatizmə dəstək siyasətini uğurla davam etdirir, ermənidən artıq erməni olmağa çalışır. Qarabağdan könüllü köç edən ermənilərin durumunu faciə kimi qiymətləndirənlərin sırasında olan bu şəxs aktiv şəkildə növbəti erməni avantürasının formalaşmasına qoşularaq separatçıların müxtəlif şou xarakterli tədbirlərində xüsusi canfəşanlıq göstərir.
30 il ərzində Ermənistandan və Azərbaycan torpaqlarından qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi bir ovuc hayın “etnik təmizlənmə”yə məruz qalması barədə hay-küy qaldırıb. Rəsmi İrəvan belə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtmasından gileylənir.
Bu dəfə isə fransız diplomat Azərbaycan torpaqlarından könüllü çıxan sakinlərlə bağlı İrəvanda təşkil edilən sərgiyə qatılıb, orada göz yaşı töküb.
Əvvəla, səfirin Qarabağdan ermənilərin miqrasiyasının səbəbləri barədə söylədikləri iftira və əsassızdır. Fransa obyektiv, Avropa demokratik ənənələrinə sadiq ola bilməz. Əgər belə olsaydı, Ermənistandan qovulan soydaşlarımızın geri dönüş məsələsini də gündəmə gətirərdi. İndiyə qədər Fransanın Azərbaycandakı diplomatları bir milyona yaxın qaçqın insanımızın geri dönüşü məsələsini qaldırmayıb. Halbuki, rəsmi Paris Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olmalı olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olub.
İkincisi, səfirin diqqətinə bir məsələni də çatdırmaq istərdik. Azərbaycan Qarabağı könüllü tərk edən erməni sakinlərin geri qayıtması üçün heç bir problem görmür. Həmin ermənilərin, sadəcə, Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmələri kifayətdir. Onlar vətəndaşlıq aldıqdan sonra Azərbaycanda yaşaya bilərlər. Və nə səfir Dekotinyi, nə də başqası bu qaydanı dəyişə bilər.
Səfir bundan əvvəl də səsləndirdiyi bəyanatlarda sülh prosesinə qarşı çıxıb. Ermənistanı silahlandırmağı prioritet elan edən Olivye Paris və İrəvan arasında “strateji yaxınlığı” əsas elan edib. Müdafiə sahəsində iki ölkənin əməkdaşlıq etməli olduğunu, Ermənistanın öz suverenliyi və əhalisini qorumaq iqtidarında olmasını vurğulayıb. Sözsüz ki, Olivye arada özünü “müstəqil” göstərsə də, Makron hökumətindən aldığı tapşırıq və tezislərə uyğun hərəkət edir. Onun ermənilər üçün Fransa vizaları ilə bağlı maxinasiyalara yol verdiyi də vurğulanır.
Qeyd edək ki, Olivye Dekotinyi bu yaxınlarda verdiyi başqa bir bəyanatda ermənilərə dəstək nümayiş etdirib. Bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. Erməni ordusunun yaranmasının ildönümünə həsr olunan tədbirlərə qatılan diplomat bir sıra məsuliyyətsiz bəyanatlar verib. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də onunla müdafiə münasibətlərini üzərinə götürür.
Maraqlıdır ki, Fransa nümayəndələri 44 günlük müharibə ilə tarixin ən böyük qələbələrindən birinə imza atan qalib Azərbaycan Ordusunun nəinki bir tədbirində iştirak edib, hətta onu təbrik belə etməyib. Əvəzində isə nəinki məğlub Ermənistan ordusunun tədbirlərinə qatılır, hətta onun şəninə təriflər yağdırır.
%
Peşəkar diplomat kimi tanınan bu Olivye Dekotinyi Sorbonna Universitetinin məzunudur. 2012-15-ci illərdə Fransanın İrandakı səfirliyində ikinci müşavir vəzifəsini tutub. İranın nüvə proqramı, regional siyasəti ilə bağlı analitik məqalələrin müəllifi kimi tanınır. Məqalələri, əsasən, “The Washington Institute”da dərc olunub. Qarabağdan çıxan ermənilər üçün Fransanın mobilləşməsi kampaniyasının aktiv iştirakçısı, hətta Parisdə keçirilən “1000 yaşlı erməni musiqisi” adlı xeyriyyə konsertinin təşkilatçılarındandır. Aksiyanın təşkilatçıları sırasında “Fransa ermənilərinin mavi xaçı” adlı qeyri-hökumət təşkilatı da var. 1928-ci ildə Fransada təsis edilən bu təşkilat Qarabağda separatizm hərəkatının aktiv iştirakçılarından olub, bölgəyə terrorçuların göndərilməsinin, eləcə də Türkiyəyə qarşı siyasətin öncüllərindəndir. Təşkilatın Fransanın 35 şəhərində 500 üzvü fəaliyyət göstərir.
Beləliklə, səfir son hərəkətləri ilə bir daha təsdiq edib ki, Azərbaycan əleyhinə fəaliyyəti Fransanın həyat tərzinə çevirib. Fransalı diplomat başa düşməlidir ki, etnik və dini təəssübkeşlik, şarlatanlıq artıq keçmişdə qalıb. Bu reallığı Ermənistan da başa düşməlidir. Anlamalıdır ki, çıxış yolu Fransanın növbəti müstəmləkəsinə çevrilmək yox, qonşularla mehriban münasibətlərin qurulmasındadır. İşğalçı siyasətdən əl çəkmək, sülh müqaviləsi imzalamaq Ermənistanın nicatıdır.
“Report” İnformasiya Agentliyi
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb