"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək".
Oxu.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə, bu sözləri keçmiş deputat Samvel Nikoyan Ermənistan parlamentinin iclasında bir neçə gün öncə baş verən dava ilə bağlı danışarkən bildirib.
İqtidarın sülhlə bağlı təsəvvürlərini tənqid edən və Zəngəzurda baş vermiş hadisəni "təhlükə" olaraq görən Samvel Nikoyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib:
"Əgər İlham Əliyev barmağını tərpətsə, onu buradan təmtəraqla Azərbaycana göndərəcəklər və hələ üstəlik, bunu humanizm də adlandıracaqlar", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda doqquzuncu çağırış Milli Məclisin ikinci sessiyasında deputatlar arasında dava düşüb. "Güclü Ermənistan" fraksiyası Şəkidəki insidentin və ordudakı ölümlərin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını təklif edib.
Müzakirə deputatlar arasında qarşılıqlı ittihamlarla müşayiət olunub. Dava səbəbindən iclas bir neçə dəfə dayandırılıb və hətta zala təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olublar.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.