Ermənistan hökuməti ABŞ ilə "Tramp marşrutu" üzrə çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməyi nəzərdə tutan layihə 1 iyun 2026-cı ildə Vaşinqtonda və 4 iyun 2026-cı ildə İrəvanda imzalanıb. Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra saziş ratifikasiya üçün parlamentə göndəriləcək.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, tərəflər daha iki sənəd imzalamalıdırlar: səhmdarlar arasında müqavilə və şirkətin layihənin inkişafı üzrə nizamnaməsi.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.
Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.