Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb. Sənəd "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Vaaqn Xaçaturyan noyabrın 10-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.
Layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılıb.
Oktyabrın 28-də Ermənistan parlamenti TRIPP layihəsi çərçivəsində ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib.