Türkiyənin şərqində dəmir yolunun yenidən qurulması artıq Qarsa çatıb, ilin sonunadək isə Ermənistanla sərhədə qədər olan xəttin təmiri başa çatacaq.
Oxu.Az “Exo”ya istinadən xəbər verir ki, bu barədə ötən həftə Türkiyə Dəmir Yollarının Ərzurum regional şöbəsinin rəhbəri Yunus Eşliyurt bildirib.
Türkiyənin İHA agentliyi xəbər verir ki, Eşliyurt təmirin mayda başladığını və yaxşı templərlə getdiyini bildirib. İlin sonunadək Qarsdan Akyakaya, yəni Ermənistanla sərhədədək təmir işləri başa çatacaq.
Ermənistanın news.am saytı isə qeyd edir ki, bir neçə ay əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Əhməd Arslan Ermənistanla sərhədədək dəmir yollarının təmiri ilə bağlı çıxış edib və bu işlərin Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutmadığını bildirib, çünki “bir sıra məsələlər hələ həllini tapmayıb”. Akyaka sakinləri kimi o da ticarətin inkişafı üçün Ermənistanla sərhədlərin açılmasını istəyir.
“Lakin reallıq var: qardaş Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə məsələ həllini tapmayacaq”, – deyə, o bildirib.