Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanın müttəfiq axtarışı: Fransa, yoxsa Türkiyə?
Ermənistan Rusiya kimi əvəzsiz himayədarını dəyişməyə səy göstərir. Bunun üçün o, müttəfiq axtarışındadır. Erməni siyasi elitası, hakimiyyəti və cəmiyyətinin davranışından belə görünür ki, rəsmi İrəvan bu statusda Moskvanı Parislə dəyişdirməyə başlayıb.
Belə düşünənlər elə zənn edirlər ki, ABŞ İsraili müdafiə etdiyi kimi, Fransa da Ermənistanı qoruyacaq. Ancaq Yelisey sarayının belə səmimi və sədaqətli müttəfiq olduğunu tarix təsdiqləməyib.
Fransa bir qayda olaraq müstəmləkəçi olub. Həmin ölkələrin, bölgələrin yerli sakinlərindən qul olaraq istifadə edib. İnsan ticarəti, qul alveri ilə məşğul olub. Bu, elə də uzaq keçmişdə deyil, iki-üç əsr əvvəl baş verib. Yəni tarixin yaşı ilə müqayisədə Fransa həmin cinayətləri yaxın zamanda törədib. Heç indi də onun keçmiş müstəmləkə ərazilərinə baxışı dəyişməyib.
Erməni etnik qrupunun liderləri müttəfiq seçmək üçün daim Rusiya və Fransa arasında vurnuxublar. Çar Rusiyası və keçmiş SSRİ uzun illər onların bu istiqamətdə tərəddüdünü həll etmişdi. Sovetlərin dağılması ərəfəsində erməni liderlər Fransaya yol açmışdılar. O illərdə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə belə demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". O, Qarabağın Ermənistana verilməli olduğu fikrini Fransanın "Humanite" ("L'Humanité") qəzetinə müsahibəsində də dəfələrlə bəyan edib.
Bu kimi faktlar deməyə əsas verir ki, ermənilər başbilənləri ilə birlikdə sovetlərdən sonra Fransanı özləri üçün yeni sponsor, himayədar rolunda görürdülər. Başqa sözlə, yüz ildən sonra erməni cəmiyyətini şimaldan qərbə doğru yönəltməyə çalışırlar.
Rəsmi İrəvanın seçiminə dair məsələ erməni cəmiyyətində müzakirə mövzusudur.
Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants ötən gün keçirdiyi mətbuat konfransında bu məsələyə də münasibət bildirib.
O, ermənipərəst mövqeyinə baxmayaraq, Fransanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün məqbul vasitəçi saymadığını deyib. Onun fikrincə, Paris "ermənilərin qulağını sığallasa da", konkret fayda vermir, əksinə, Azərbaycanın ona olan inamını sarsıdır.
Partiya sədrinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında mümkün silahlı qarşıdurma zamanı Fransa heç vaxt qarşı tərəfə müdaxiləyə hazır olmaq kimi formal öhdəliklər götürməyəcək. O əlavə edib ki, ölkəsi ilə Fransa arasında məhdud hərbi-texniki əməkdaşlıq mümkündür: "Ancaq bu, əsas problemləri həll etmir. Dostluq münasibətlərinə baxmayaraq, Fransa Ermənistanın təhlükəsizliyini təmin etmək üçün real zəmanəti vermir. Ona görə də ölkəmizin strateji müttəfiqi ola bilməz".
S.Surenyants təəssüflə bildirib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti çox vaxt soyuq başla hesablamadan daha çox, emosiyaların təsiri altında hərəkət edirlər: "Bu, Qərbin gözəl, ancaq boş vədlərinə ümidləri alovlandırır".
Partiya sədri qeyd edib ki, Fransa legionunu Ermənistanda gözləməyə dəyməz.
Suren Surenyantsın çıxışında daha çox Rusiyaya meyil hiss olunur. O, Fransa başda olmaqla Qərbdən imtina edib, Rusiya ilə müttəfiqliyi davam etdirməyin tərəfdarı olaraq çıxış edib.
Onun iddiası da əsassız deyil. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Bu ilin ilk doqquz ayında Ermənistanda Rusiyaya ixracat 85 faiz artaraq 2,6 milyard dollara çatıb. Bu isə iki ölkə arasında ümumi ixracatın həcminin 51 faizini, 2023-cü ilin uyğun dövründə isə 1,4 milyard dollar olmaqla ümumi ixracatın 40 faizini təşkil edib.
Ermənistanın Avropa İttifaqına üzv ölkələrlə ticarət əlaqələri siyahısında Fransa beşinci yerdədir. İki ölkə arasında hesabat dövründə ticarət əlaqəsi 117 milyon dollar olub.
Bu ilin ilk doqquz ayında Rusiyadan Ermənistana diri donuz ixracatı iki dəfə artıb. Belə ki, 2023-cü ilin ilk üç rübündə Ermənistana 27,5 min baş diri donuz ixrac olunub. Bu ilin uyğun dövründə isə onların sayı 53,7 min baş təşkil edib.
Rusiya Ermənistana taxıl ixracında da liderlik edir. Ermənistanın taxıl bazarında RF-nin payı 99,9 faizdir. Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, ilin sonuna qədər Ermənistana təxminən 522 min ton taxıl idxal etmək lazımdır: buğda - 390 min ton, arpa - 60 min ton, qarğıdalı - 72 min ton. Onun da böyük qismi Rusiyadan ixrac ediləcək.
Ermənistanla Türkiyə arasında yollar bağlıdır. Bununla belə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 4,4 dəfə artıb. Bildirilib ki, ötən il ərzində Ermənistandan Türkiyəyə ixrac isə 139 dəfə artıb.
Ermənistanda Türkiyə mallarına tətbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ölkələr arasında ticarət dövriyyəsinin həcmi ötən il 324,5 milyon dollar olub.
Hesabat dövründə Ermənistandan Türkiyəyə 61,2 milyon dollarlıq ixrac həyata keçirilib. Türkiyə mallarının idxalı isə 3,6 dəfə artıb.
Məlumata görə, Türkiyədən Ermənistana daha çox sitrus meyvələri, elektrotexnika və tikinti materialları daşınıb.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən Ermənistanda Türkiyə mallarına qoyulan embarqo aradan qaldırılıb. Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
Rəqəmlər bir çox mətləblərə aydınlıq gətirir. Türkiyə Ermənistana Azərbaycanla bağlı tutduğu mövqeyə görə yolları bağlayıb. Bununla belə onlar arasında ticarət dövriyyəsi Fransadan üç dəfəyə yaxın çoxdur. Statistik hesabatlar bu istiqamətdə Rusiyanın müttəfiqliyə daha çox uyğun gəldiyini deməyə əsas verir. Ancaq bu sırada ən böyük potensiala Azərbaycanla Türkiyə malikdirlər.
Türkiyə Ermənistana lazım olacaq dərəcədə və çeşiddə güdəlik tələbat, tikinti, ərzaq məhsulları və başqa mallar ixrac edə bilər. Azərbaycan da Ermənistanın potensial idxalatçısı və ixracatçısı ola bilər. Çünki bu iki dövlətlə əlaqə qurmaq elə çətin deyil. Həm də quru yolları var. Rusiya gec-tez Cənubi Qafqazı ya tərk edəcək, ya da əməkdaşlığın formasını dəyişəcək. Fransa isə Ermənistanda indiki Rusiya gücdə deyil.
Rəsmi Paris fransalı əsgərlərin Ermənistan yolunda ölməsinə razılıq verməz. Ona görə ehtimal etmək olar ki, perspektivdə ermənilərin liderləri müttəfiqliyi "uzaq qohumdan yaxın qonşuyadək" yaxınlaşdıracaq. Bir neçə il əvvəl isə erməni tacirlər bildirmişdilər ki, Türkiyədən ixrac olunan tikinti materialları İrandan gətirilənlərdən daha keyfiyyətli və sərfəlidir. Bu kimi yanaşmalar Ermənistanın çox da böyük olmayan bazarında Türkiyənin İranı da qabaqladığının göstəricisidir.
Bunlar sonra baş verə bilər. Bəhs etdiyimiz ehtimalların reallaşması üçün, ilk növbədə, Ermənistan və ermənilərin Türkiyə ilə Azərbaycana qarşı iddialarından imtina etməsi vacibdir. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, "soyqırımı" məsələsi ermənilər üçün artıq prioritet deyil. Belə açıqlamalar perspektivdə rəsmi İrəvanın müttəfiqlik və başlıca tərəfdaşlıq məsələsində daha doğru yol tapacaqlarını ehtimal etməyə əsas verir.
"Report" İnformasiya Agentliyi
"Report İnformasiya Agentliyi" teqi üzrə xəbərlər
- "Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir
- İspaniyada müsabiqədə birincilik qazanan gənclər: "Azərbaycan musiqisinin gücünü göstərdik"
- Paşinyanın "Sülh qovşağı": Erməni xalqı üçün növbəti iqtisadi avantüra
- "Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
- Sammitdə soyuq qarşılanan Paşinyan - Ermənistanın Frankofoniya fiaskosu