Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fərid Şahbazlı: "Rusiya ilk dəfə başqa dövlətdən üzr istəməli oldu"
"Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsüdür, nə dumanlı hava şəraitidir, nə də oksigen balonunun partlamasıdır. Azərbaycan təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub".
Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bu məqamlar Prezident İlham Əliyevin dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə də əksini tapıb. Siyasi şərhçinin sözlərinə görə, Prezident onu da qeyd edib ki, şübhəsiz, bu məqsədyönlü şəkildə edilməyib:
"Dövlət başçısı vurğuladı ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Prezident bildirdi ki, əfsuslar olsun, ilk üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik".
F.Şahbazlı bildirib ki, təəssüf doğuran başqa bir məqam təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməməsi, daha uzaq Aktauya istiqamətləndirilməsidir: "Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər də. Rusiya tərəfi də bunu etməli idi. Ən azından ona görə ki, hadisə onun ərazisində baş verir. O zaman nə üçün etmədi?! Şübhəsiz ki, bu haqda çox baş sındırmağa dəyməz, çünki cavab elə sualın içindədir".
Fərid Şahbazlı deyib ki, yalnız üç gün sonra dünyada bu qəza ilə bağlı bütün mülahizələrin qeyd-şərtsiz Rusiyanı işarə etdiyini və Azərbaycan dövlətinin qətiyyətli mövqeyini görən Vladimir Putin İlham Əliyevə zəng vurub, üzrxahlıq etdi: "Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbəbindən baş verdiyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də kompensasiya ödəmişdi.
Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycanın, onun Prezidenti İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisi kimi çıxış edir.
Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiq etdi".
Siyasi şərhçinin sözlərinə görə, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: "Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var".
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?
- Pilot: "Əgər təyyarə suya eniş etsəydi, insanların sağ çıxma ehtimalı olmazdı"
- AZAL təyyarəsinin qəzaya uğraması beynəlxalq KİV-in diqqət mərkəzində - Bizdən nə danışırlar?
- Ukraynada Azərbaycanın Milli Qəhrəmanının adına təqaüd təsis ediləcək
- Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir - SƏBƏB