“ABŞ-nin 907-ci düzəlişi dayandırmaq istəməməsi heç də onun maraqlarına xidmət etmir”.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“1992-2000-ci illər arasında elə həmin 907-ci düzəliş qüvvədə idi və onun Azərbaycana heç bir neqativ təsiri yox idi. Bu, ritorikadan başqa bir şey deyil. Artıq bizim reaksiyamız da bəllidir. Azərbaycana hərbi kömək tutarlı deyildi. Azərbaycan onsuz da öz vəsaiti ilə silah alır”, - deyə o fikrini izah edib.
Mərkəz sədri vurğulayıb ki, ABŞ-nin Azərbaycana verdiyi hər şey öz maraqlarına xidmət edib:
“Onsuz da biz ABŞ-dən heç nə almırıq. Onlar nə verirdilərsə, buradakı maraqlarına xidmət edirdi”.
Qeyd edək ki, ötən gün ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Xatırladaq ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.