Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” konfransda çıxışı zamanı Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
O, Azərbaycanın xristian və müsəlman dünyasının, Avropa və Asiyanın qovşağında yerləşdiyini bildirib və Bakıda keçiriləcək final oyunu ilə bağlı danışıb:
“Bu gün Bakıda Avropa Liqasının final oyunu keçiriləcək. Ümumiyyətlə Azərbaycanda müntəzəm beynəlxalq tədbirlər keçirilir. Bu baxımdan, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır”.
S.Markov Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib.
Prezident Administrasiyasının (PA) Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xatırladıb:
“Ermənistanın ərazisi əvvəllər Azərbaycan torpağı olub, iki əsr əvvəl ermənilər Çar Rusiyası tərəfindən o ərazilərə yerləşdirilib”.
F.Axundov bir əsr əvvəl İrəvanın müsəlman şəhəri olduğunu, Bakıya bənzədiyini bildirib:
“İndi isə İrəvan tamamilə fərqlidir. Hazırda Ermənistan ərazilərimizin 20 faizini işğal edib, orada etnik təmizləmə aparılıb. Ermənistanda nasistlərin heykəlləri daha böyükdür. Mayın 9-da bütün Avropa nasizm üzərində qələbəni bayram edir. Lakin Ermənistanda hələ də nasizm qəhrəmanlaşdırılır”.
Kamil HƏMZƏOĞLU