Gürcüstanın daxili işlər naziri əmindir ki, Gürcüstan və Azərbaycan gürcü kilsəsinin maraqlarını nəzərə almaqla sərhədlərin delimitasiyası məsələsində razılığa gələ biləcəklər.
“David Qareçi kompleksi (Keşikçidağ ) ətrafında yaranmış problem çox incə məsələdir və biz sərhədlərin delimitasiyası məsələsini çox tezliklə başa çatdırmalıyıq”, - deyə nazir Georgi Qaxariya brifinqdə bildirib.
Onun sözlərinə görə, problemin həllində gürcü xalqının mədəni irsi və kilsənin maraqları mütləq nəzərə alınmalıdır. Nazir tərəfləri bu məsələ ətrafında yaranacaq hər hansı təxribatdan uzaq durmağa səsləyib.
“Bu məsələdə hər kəs ehtiyatlı olmalıdır. Bu məsələnin ətrafında etnik ayrıseçkilik salınmasına imkan verilməməlidir. Biz əminik ki, qardaş ölkə Azərbaycanla delimitasiya razılaşması nəticəsində David Qareçi kilsəsinin maraqları nəzərə alınacaq”,- deyə Qaxariya bildirib.
Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumat yaymışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.
“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.