Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” ölkələrinin sammiti yalnız onu vurğulayır ki, Avropa İttifaqının 6 keçmiş sovet respublikasını Moskvanın təsir orbitindən uzaqlaşdırmaq və “onları Brüsselin qucağına” cəlb etmək cəhdləri iflasa uğradı, The Guardian yazır, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Cümə axşamı Riqada “Şərq tərəfdaşlığı”nın ikigünlük sammiti başlayır. “Şərq tərəfdaşlığının” proqramına Avropa İttifaqının Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyası daxildir.
Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramını o məqsədlə hazırlamışdı ki, keçmiş SSRİ respublikalarına Rusiyanın təsirinə mane ola bilsin, lakin bununla belə, proqram iştirakçılarına Aİ-yə üzvlüklə bağlı son dərəcə dumanlı perspektivlər vəd etsin.
Nəşr güman edir ki, ötən il Rusiyanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsi Avropa İttifaqının planlarını qəti şəkildə pozdu, bundan başqa, altı ölkədən ikisi – Belarus və Ermənistan Aİ-nin rəqibi kimi təqdim olunan Avrasiya İqtisadi İttifaqına daxil oldular.
Avropanın enerji ehtiyatlarına ehtiyacı olduğu Azərbaycan proqrama marağını itirib, ölkə prezidenti İlham Əliyev isə sammitə gəlməyəcək, The Guardian yazır.
Avropa İttifaqının üzvləri indi nə etməli olduqları – “Şərq tərəfdaşlığı” proqramını daha aktiv şəkildə irəli çəkmək yaxud ambisiyalarını azaltmaq barədə vahid rəyə gələ bilmirlər. Riqada sammitdən əvvəl avropalı məmurlar bəyan ediblər ki, “Şərq tərəfdaşlığı” ideyasına sadiqdirlər. Lakin onların fikirləri Avropanın Rusiyanı qıcıqlandırmaq istəmədiyini əks etdirir.
Aİ-də Rusiyaya qarşı əvvəlki ilə müqayisədə daha az döyüşkən əhval-ruhiyyə üstünlük təşkil etməyə başlayır.
“Avropa İttifaqı heç zaman üçüncü tərəfə digər dövlətlərə qarşı siyasəti diktə etməyə imkan verməyəcək. Lakin gələcəkdə biz Rusiya ilə daha ehtiyatlı olacağıq. Bəlkə də biz kifayət qədər ehtiyatlı olmamışıq, baxışlar və rəy mübadiləsi kifayət qədər geniş yayılmamışdı”, - deyə, The Guardian avropalı məmurlardan birindən sitat gətirir.
Bununla yanaşı, Ukrayna və Gürcüstan – digərləri ilə müqayisədə daha çox avropayönümlü olan ölkələr, həmçinin Moldova çətin ki, Riqada sammitdə hansısa “tələ yemi” alsınlar.
Avropa İttifaqı onlara avrointeqrasiya və ittifaqa daxil olmaq barədə heç bir vəd vermək istəmir, bəzi ölkələr keçmiş sovet respublikalarının Aİ-yə qoşulması ilə bağlı dumanlı perspektivi Riqadakı sammitin gündəliyinin bir hissəsi kimi də görmək istəmirlər.
Hətta Ukrayna və Gürcüstanla vizasız rejim məsələsi böyük ehtimalla bu sammit çərçivəsində həll olunmayacaq, deyə, məqalədə vurğulanır.